12.1.13

Elə-belə, eqo üçün.


Yazıçılığı başqalarından götürmək və ya öyrənmək mümkün deyil, ya sən özün yazırsan, ya da sən özün yazmırsan, vəssalam.
Ən gözəl, zərgər dəqiqliyi ilə ölçülüb biçilmiş əsər belə, əgər onu müəllifin özü yazmayıbsa, sevilmir, qəbul olunmur. Axı özgə paltarında necə ərə getmək olar? Lap elə kirayə götürmək dəbsə də.
Sən əlli dəfə əlli nəfəri oxusan da, öz yazını yazmaq üçün oturanda tək-tənha qalacaqsan. Yox, əgər sən o yazını yazanda Pamukdan tutub Homerə qədər nə qədər adam duracaqsa yan-yörəndə ( aman, hələ mən bizim cameədən kimisə demədim), bir o qədər də yaza bilməyəcəksən, min zülümlə ərsəyə gətirdiyin əsər isə bic doğulmuş uşaq kimi öz gözündə də hörmətsiz olacaq. Hər ona baxanda "əsl atası"nın kim və ya kimlər olduğunu biləcəksən axı.
Biz müəllifləri yaxından tanımaya bilərik, amma kitablar müəlliflərin ruhunu əks etdirir.
Hər bir müəllif hər bir əsərini özünün surətində yaradır, deyək.
Və bu yaratdığına öz ruhundan nə üfürsə, o yaşayacaq.
əllifin bilirsənmi nə boyda ruhu olmalıdır?
Kövnü-məkana sığmayan!!!   
  Diqqət etsək, bir müəllifin bir əsərində olan hər hansı bir obrazın həmin müəllifin başqa əsərində göründüyünü görərik, ad və dekorasiya dəyişsə də həmindir ki var, onlar sanki canlıdırlar və mütləq yaşamaq istəyirlər, həyat almaq istəyirlər yazıçıdan, bu bədbəxtlər də yaşamaq üçün şanslarını bu insanda tapıblar sadəcə, onun canına daraşıblar.
Ümumiyyətlə, müdhiş bir aləmdir ədəbiyyat, hərdən elə inanıram ki, yazı prosesi başlayanda yazar özü də bilmədən tam ayrıca bir dünya qurmuş olur və onun həyatını yazdığı obrazlar da sanki məhz yazarın yazdıqlarını yaşamağa məhkum olurlar, bilmirəm, anladırammı istədiyimi...
Mən xatirələrini və ya üç-beş tanışı ilə özünə aid məsələləri köçürüb adını roman qoyanlardan danışmıram, söhbət həqiqi yazıdan gedir, mistikasına pozu olmayan yazıdan.

 Axtarışlar təbii bir haldır gənc yazıçı üçün, amma həm də axtarmaq lazım deyil, lazım deyil yazıçılığın nəzəriyyəsini öyrənmək, olar, oxuyarsan, maraqlı və çəkici, hətta sənə yardımçı vasitə kimi də görünər, amma bu səni yalnız və yalnız yazıdan yayındıran, vaxtını boşuna xərclədiyin bir şeydir deyə sonda nəticəyə gələrsən.  
O nəzəri kitabları oxumadan, tam başdan inkar etməyi öyrənmək daha vacibdir, hesab et ki, hamısını oxumusan və inkar edirsən, çünki, hamısını oxuyandan sonra onsuz da bu yolların heç biri ilə getməyəcəyin dəqiqdir.
Ən əsası isə...     
Əsl yazıçıdan nə daha öncə birisi var, nə sonra birisi olacaq, unutmayaq.

Hiç yorum yok:

Yorum Gönder